Marketinq araşdırması nədir?
Marketinq araşdırması məhsul və xidmətlərlə bağlı çatışmazlıqların, eləcə həmin məhsul və xidmətlərlə bağlı yeni imkanların müəyyən edilməsi üçün həyata keçirilən araşdırma prosesidir. Bu araşdırma kvantitativ və kvalitativ metodlardan istifadə edərək marketinq miks elementlərini (məhsul, qiymət, məkan, reklam) və onların müştərilərin davranışına təsirini öyrənməyə kömək edir. Amerika Marketinq Assosiasiyası (ing. AMA) marketinq araşdırmasını belə təsvir edir (2017):
“Marketinq araşdırması informasiya vasitəsilə marketoloqla istehlakçı, müştəri və ictimaiyyət arasında əlaqə yaradır. Bu informasiyadan istifa edərək marketinq imkanları müəyyən edilir, marketinq performansına nəzarət olunur və marketinqin bir proses kimi başa düşülməsinə nail olunur. Marketinq araşdırması bu sadalanan məsələlərin həlli üçün lazım olan informasıyanın müəyyən olunması, informasının toplanması üçün metodların tətbiqi, informasıya toplanması və analizi, eləcə də əldə olunan araşdırma nəticələrinin açıqlanmasını özündə cəmləşdirir.”
Marketinq araşdırmasının üstünlükləri
Marketinq araşdrması bizneslərə bir sıra üstünlüklər gətirməklə onların uğur və uzunömürlülüyünü təmin edir. Aşağıda həmin üstünlüklərdən bəziləri verilmişdir.
- Şirkətlərə ən son trendlərlə ayaqlaşmağa imkan yaradır
Bu araşdırma vasitəsilə bizneslər trendləri izləyir, müştəri tələbləri və rəqiblərin istifadə etdiyi strategiyalar barədə məlumat toplayır.
- Riskləri azaldır
Düzgün marketinq strategiyası olmadan şirkətlərin rəqiblərinə qarşı çox az şansı olur. Marketinq strategiyası onlara daha uzunömürlü olmaqda kömək edir və qapnma riskinin qarşısını alır.
- Satışları artırır
Müştəri tələbləri, seçimləri ilə bağlı məlumat toplanması şirkətlərə məhsullar barədə şikayətlərin aradan qaldırılmasında və müştəri mənuniyyətinin artırılmasında yardımçı olur.
- Ən yaxşı reklam və distribusiya kanallarını tapmağa kömək edir
Məhsulların düzgün kanallar vasitəsilə reklamı çox önəmlidir. Əks halda, məhsulun marketinqə çəkilən xərc və zaman heç bir nəticə verməyə bilər. Marketinq araşdırması düzgün distribusiya kanallarının müəyyən olumasında da rol oynayır.
Marketinq araşdırmasında addımlar
Müxtəlif hallarda marketinq araşdırması zamanı atılan addımlar fərqlənə bilər, lakin aşağıdakı beş mərhələ demək olar hər bir marketinq araşdırması üçün eynidir.
- Problemin və məqsədin müəyyən edilməsi
Hər bir marketinq araşdırması bu mərhələdən başlayır və araşdırmanın uğuru ondan asılı olur. Dəqiq müəyyən olunmamış problemlər araşdırmanı tamamilə yanlış yöndə apara və sizin araşdırmaya ayırdığınız resursların (zaman, enerji, pul) boşuna sərf edilməsinə nəticələnə bilər. Bun görə də bu mərhələdə problemin dəqiq müəyyən olunması araşdırmanın uğurlu olub-olmamasını müəyyən edir.
- Araşdırma planının və hədəf kütlənin müəyyən edilməsi
Bu mərhələdə istifadə ediləcək məlumat toplama metodları, büdcə, araşdırmanın aparılacağı yer, hədəf kütlə müəyyən edilir.
- Məlumat toplanması
Marketinq planı hazırlandıqdan və hədəf kütlə müəyyən edildikdən sonra məlumat toplanması mərhələsi başlayır. Bu araşdırmanın adətən ən çox zaman və maddiyyət tələb edən mərhələsidir. Məqsəddən asılı olaraq onlarla, hətta yüzlərlə iştirakçıdan məlumat toplana bilər. Bu mərhələ araşdırmaçılardan məkanlar arasında səyahət etmək, individual müsahibələr götürmək, problemin müşahidəsi, müştəri rəylərinin yoxlanması, ikinci dərəcəli məlumat mənbələrinin araşdırılması kimi addımların atılmasını tələb edir.
- Məlumat analizi
Bu mərhələdə toplanmış məlumatlar analiz edilir. Bu zaman istifadə olunan texnikalardan biri də kodlaşdırmadır. Kodlaşdırma əldə olan informasıyanın müxtəlif meyarlara görə kod sözlərlə qruplaşdırılmasıdır. Kodlaşdırma zamanı cümlələr, hətta paraqraflar belə bir kod sözlə ifadə oluna bilər. Bu, məlumatların daha tez analizinə kömək edir.
- Nəticə çıxarılması və hesabat
Məlumatların analizi nəticəsində adətən hansısa bir nəticə əldə edilir və bu nəticə əsasında hesabat hazırlanır. Hesabatlar sosial media, internet səhifələri, kitab, jurnal və s. vasitəsilə yayımlana bilər.