Transkripsiya nədir?

what is transcription

Məqalə transkripsiyanın izahı, manual və avtomatik transkripsiya metodları, avtomatik transkripsiya proqramlarından dəqiqliklə istifadə etmək və bu proqramların təklif etdiyi funskiyalar barədə məlumat xarakteri daşıyır.

  1. Transkripsiya nədir?
  2. Manual transkripsiya
  3. Transkripsiya proqramı nədir?
  4. Avtomatik transkripsiya nədir?
  5. Avtomatik transkripsiya proqramının üstünlükləri
  6. Transkriptor, yoxsa avtomatik transkripsiya? Hansından istifadə etməli?
  7. Avtomatik transkripsiya proqramı ilə necə yüksək dəqiqlik əldə etmək olar?
  8. Redaktə prosesini sürətləndirmək üçün təklif edilən funskiyalar

 

Transkripsiya nədir?

Transkripsiya sözü müxtəlif sahələrdə müxtəlif prosesləri izah etmək üçün istifadə olunur, dilçilik sahəsində isə səsin yazıya çevrilmə prosesini bildirir. Transkripsiya prosesi nəticəsində transkript (mətn) alınır. Transkripsiyadan adətən intervyu, seminar, konfrans, görüşlərin səs yazısının mətnə çevrilməsində, eləcə də videoya altyazılar əlavə etmək üçün istifadə edilir. Səs yazısını mətnə çevirmək kompleks prosesdir və bununla məşğul olan şəxsdən sürət, dəqiqlik, qrammatik biliklər və səbr tələb edir. Transkripsiya profesionnal şəxslər və ya avtomatik transkripsiya proqramı tərəfindən yerinə yetirilir və tədqiqatçılar, jurnalistlər, elm adamları, tələbələr tərəfindən istifadə edilir.

Transkripsiya müxtəlif sahə peşəkarları tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilir. Bunlara daxildir:

  • Tədqiqtçılar, tezis yazan tələbələr, marketoloqlar.
  • İntervyu transkripsiyasına ehtiyac duyan jurnalistlər. Jurnalistlər adətən xəbərləri mətn formasında da yayımlayır, bu səbəbdən transkriptin olması böyük üstünlükdür.
  • Səhiyyə və insan resursları işçiləri də müxtəlif səbəblərə görə bu xidmətlərdən istifadə edir.
  • Video, film, podkast hazırlayan media şirkətləri bu xidmətlərdən istifadə edərək altyazılar hazırlayır.
  • Hökumət orqanları və digər təşkilatlarlar transkripiyadan hesabat və arxivləşdirmə işlərində istifadə edir.

 

Manual transkripsiya

Siz transkripti özünüz hazırlaya bilərsiniz, lakin bu adətən çox zaman tələb edir. Professional transkriptor 1 saatlıq səs yazısını orta hesabla 4 saata transkripsiya edir. Qeyri-professionallar isə bunun üçün daha çox zamana ehtiyac duyur. Əlavə olaraq, manual transkripsiya üçün daha çox vəsait tələb olunur, xüsusilə də transkriptin tez bir zamanda hazırlanması tələb olunursa.
 

Transkripsiya proqramı nədir?

Bu, istifadəçiyə transkripsiya prosesinddə kömək edən kompüter proqramıdır. Proqram başla/saxla düymələri ilə təchiz olunur, bununla yanaşı mətn redaktoru, audio oxuyucu, geri və irəli vermə, sürəti artırma kimi funskiyalar da mövcuddur. Belə proqramlardan istənilən növ səs yazısının transkripsiyasında istifadə edilir.

 

Avtomatik transkripsiya nədir?

Nitqi tanıma texnologiyası ilə təchiz edilmiş avtomatik transkripsiya proqramı yüksək dəqiqliklə və qısa zaman ərzində səs yazısını mətnə çevirir. Bu proqamların aşağıdakı üstünlükləri var.

  • Səs yazısı qısa zaman ərzində 85-90% dəqiqliklə mətnə çevrilir və istifadəçiyə yalnız mətni redaktə etmək qalır.
  • Xüsusi mətn redaktorunda istənilən sözün üzərinə kliklədikdə səs yazısında həmin hissəyə qulaq asmaq mümkündür.
  • Vaxt ştampları avtomatik olaraq hər bir söz üçün müəyyən edilir.

 

Avtomatik transkripsiya proramının üstünlükləri

Yaradıldığı gündən bəri avtomatik tanskripsiya proqramları istifadəçiyə mütəmadi olaraq yeni funskiyalar təklif edir.

Bütün detalları yazır

Siz özünüzlə hər hansı bir qeyd dəftəri götürə bilərsiniz, lakin tədbir, görüş zamanı bütün detalları eşidərək yazmaq o qədər də asan deyil. Müəllimin məsləhət gördüyü hansısa yazıçının adı yadınızdan çıxıb və qeyd aparmamısınızsa, transkpript sizə yardımçı ola bilər. Transkript səs yazısnı bütünlüklə əhatə etdiyi üçün bütün detallar göz qabağında olur. Bu, həmçinin diqqətsizlik problemi olan, yəni hər hansı bir tapşırıq üzərində uzun müddət diqqətini cəmləşdirə bilməyən şəxslər üçün çox vacibdir.

Açar sözlərlə axtarış

Mətni əldə etdikdən sonra açar söz axtarışı funksiyası (Ctrl+F) vasitəsilə asanlıqla istədiyiniz söz və söz birləşməsi üzrə redaktorda axtarış edə bilərsiniz. Əvvəlki paraqraflarda qeyd edildiyi kimi, hər hansı sözün üstünə kliklədikdə səs yazısında həmin hissəyə qulaq asa bilərsiniz.

Pulunuza və vaxtınıza qənaət edir

Siz səs yazısını özünüz transkripsiya edə və ya bu iş üçün professional transkriptor tuta bilərsiniz, lakin bu həm sizin vaxtınızı alacaq, həm də böyük vəsait tələb edəcək. Proqram vasitəsilə bir saatlıq yazını bir saatdan az müddətə və dəfələrlə ucuz qiymətə transkripsiya edə bilərsiniz.

Danışan şəxsləri fərqləndirə bilir

Proqram danışan müxtəlif şəxlər arasında fərq qoya bilir. Bunun üçün ən vacib amil səs keyfiyyətinin yüksək olmasıdır.

Tədbirin ümumi məzmunun əldə etməyə kömək edir

Transkript səs yazısında olan bütün detalları özündə əkst etdirdiyi üçün ona baxaraq ümumi bir məzmun çıxarmaq səs yazısına qulaq asaraq eyni tapşırığı yerinə yetirməkdən dəfələrlə asandır.

Tez bir zamanda yayımlanmaqda kömək edir

Bir çox hallarda tədqiqatçılar, jurnalistlər və digər peşə sahibləri öz işlərini kitab və ya digər formatda yayımlamağa ehtiyac duyur və bunun üçün transkript çox əlverişlidir.

Yüksək həcmli səs yazılarını transkripsiya edir

Televiziya, radio və eləcə də xəbər departamentləri minlərlə saat səs yazıları ilə işləyir. Çağrı mərkəzləri də oxşar olaraq böyük həcmli telefon zəngləri qəbul edir. Təbii ki, avtomatik transkripsiya proqramları belə həcmli səs yazılarını transkripsiya etmək üçün ən optimal vasitədir.

Eşitmə qüsuru olanlar üçün səs yazısını əlçatan edir

Vaxt ştampları təqdim edən avtomatik transkripsiya proqramları altyazıların hazırlanmasında da istifadə edilir. Bu cür altyazılar həmişə tam dəqiq olmasa da, heç bir altyazısı olmamasından daha yaxşıdır. Eşitmə qüsuru olan şəxslər transkript, elcə də altyazılar vasitəsilə məlumat alır.

Həssas xarakterli məlumatları qoruyur

Bəzi tədbirlər, psixoloq görüşləri, səhiyyə tədqiqat işləri həssas xarakterli məlumatlarla zəgin olur və şirkətlər, təşkilatlar bu cür məlumatları hər hansı bir transkriptor ilə bölüşmək istəmir. Trankriptor şəxsi məlumatları yaymamaq barədə gizlilik müqaviləsini imzalasa da, bəzi pasiyentlər səs yazılarına üçüncü bir şəxs tərəfindən qulaq asılmasına qarşı olur. Avtomatik transkripsiya proqramı adətən səs yazısını həyata keçirən şəxs tərəfindən istifadə edilir və bu yolla məlumat üçüncü bir tərəfə sızdırılmır. Qanunlara əsasən, hər bir avtomatik transkripsiya şirkəti müştəri səs yazısını mətnə çevirib onu sistemdən sildikdən sonra həmin səs və mətninin bütün detallarını serverdən silməlidir.
 

Transkriptor, yoxsa avtomatik transkripsiya? Hansından istifadə etməli?

Böyük həcmdə informasiyaya ehtiyac, eləcə də bu ehtiyacı qarşılamaq üçün yaradılan kontent sürətli transkripsiyaya da ehtiyac yaradır. Avtomatik transkripsiya istifadəsi genişlənsə də, manual transkripsiya hələ də bəzi sahələrdə istifadə olunur. Bu zaman, professional transkriptorların xidmətindən istifadə edilir. Transkriptor səs yazısına qulaq asır və onu mətnə köçürür. Bununla müqayisədə, avtomatik transkripsiya proqramı nitqi avtomatik tanıma texnologiyasından istifadə edir və səsi yazıya çevirir.

Hər iki transkripsiya metodunu müxtəlif göstəricilərə görə nəzərdən keçirək.

Sürət və məhsuldarlıq

Sürətə gəldikdə, avtomatik transkripsiya manual transkripsiyadan çox üstündür. Avtomatik transkripsiya proqramı bir saatlıq səs yazısını təxminən bir saata mətnə çevirdiyi halda, transkriptor bunun üçün əksər hallarda 4 saatdan çox zamana ehtiyac duyur.

Dəqiqlik

Hal-hazırda transkriptorlar proqrama nisbətən daha dəqiqdir. Bu yaxın gələcəkdə dəyişə bilər. Texnologiyalar inkişaf etsə də, proqram hələ də bəzi səhvlər edir. Bunun əsas səbəbləri qarışıq aksent və dialekt, səsli arxa plan və ya bir neçə insanın eyni anda danışmasıdır.

Qiymət

Insanlarin avtomatik transkripsiyaya üstünlük verməsinin əsas səbəblərindən biri də qiymətdir. Avtomatik transkripsiya dəfələrlər ucuz başa gəlir. Transkripsiya olunacaq səs yazısının həcmini nəzərə aldıqda bu böyük vəsait deməkdir. Bəzi servislər sizə pulsuz plan da təklif edir. Siz bu plandan istifadə edərək proqramı sınaya, hətta mütəmadi limitlərlə istifadə edə bilərsiniz. Digər tərəfdən də transkripsiya bazarında professional transkriptorların sayı az olduğundan qiymət də bahadır.

İnformasiya təhlükəsizliyi

Daha əvvəl qeyd etdiyimiz kimi, həssas informasiyanın üçüncü tərəfin əlinə düşməməsi üçün avtomatik transkripsiya proqramından istifadə etmək daha məqsədəuyğundur.

 

Yuxarıda sadalananları ümumiləşdirsək, hər iki xidmətin öz üstünlükləri olduğunu görürük. Əgər dəqiqlik istəyirsinizsə və qiymətin çox da önəmi yoxdursa, transkriptor xidmətindən istifadə edə bilərsiniz. Əgər səs yazısısı aydındırsa, avtomatik transkripsiya proqramından istifadə etmək daha sərfəlidir.

 

Avtomatik transkripsiya proqramı ilə necə yüksək dəqiqlik əldə etmək olar?

Avtomatik transkripsiya proqramı səsi mətnə çevirmə prosesini asanlaşdırsa da, yüksək dəqiqlik əldə etmək üçün bəzi addımları izləmək lazımdır. İnteryu, görüş və s. səs yazısını yazanlar aşağıdakıları nəzərə almalıdır:

Səs yazan qurğunun tam işlək formada olmasına fikir verin. Mikrofonların yaxşı vəziyyətdə və təmiz olmasına diqqət yetirin. İlk öncə, test üçün səs yazın və onun yüksək keyfiyyətdə olmasını yoxlayın. Bunlarla yanaşı, cihazın batareyası dolu və yaddaşında lazımi qədər yer olmalıdır.

Mikrofon danışanlara yaxın yerləşdirilməlidir. Səs yazan qurğu danışan şəxsdən nə qədər uzaq olarsa, səs yazısının keyfiyyəti bir o qədər aşağı olar. Əgər bir neçə nəfərdən müsahibə alınırsa, mikrofon onların hər birindən eyni uzaqlıqda yerləşdirilməlidir.

Eyni anda bir şəxsin danışmasına əmin olmaq lazımdır. Eyni anda bir neçə nəfər danışırsa, proqram səsləri qarışdırır və nəticədə dəqiqlik aşağı düşür.

Arxa plandakı səslərə diqqət etmək lazımdır. Səs yazısı zamanı arxa planda mümkün qədər az musiqi və səs olmasına diqqət yetirmək lazımdır.

 

Redaktə prosesini sürətləndirmək üçün təklif edilən funskiyalar
 

Transkripiya prosesi zamanı səs yazısı mətnə çevrilir və audio oxuyucu ilə təchiz edilmiş xüsusi redaktorda açılır. Voicedocs-un mətn redaktorunda transkripti iki yolla redaktə edə bilərsiniz:

  1. Audio oxuyucunun Play All funskiyasından istifadə edə bilərsiniz. Bu zaman səs yazısı başdan başlayaraq mətnə uyğun gedir və bu zaman siz mətni səs yazısı ilə müqayisəli formada yoxlaya bilirsiniz.
  2. Hər hansı hissəyə yenidən qulaq asmaq üçün Ctrl+Space istifadə etmək lazımdır.

Audionun oxuma sürətini dəyişmək üçün Toolbar menyusundan istifadə edə bilərsiniz. Redaktə bitdikdən sonra Export-a klikləyərək mətni cihazınızda DOC, TXT və ya JSON formatlarında saxlaya bilərsiniz.