Transkripsiya qaydaları
- Giriş
- Transkripsiya dəqiqliyi və strukturu
- Tam transkripsiya
- Təmiz transkripsiya
Giriş
Transkripsiya səsi mətnə manual və ya avtomatik çevirmə prosesidir. Transkripsiya tədqiqatçılar, tələbələr, jurnalistlər, hüquqşünaslar və s. tərəfindən elmi və qeyri-elmi sahələrdə istifadə edilir.
Transkripsiya həyata keçirən şəxslər bir sıra qaydaları gözləməlidir. Transkripsiya proqramı səsi mətnə avtomatik çevirir, sizə isə mətnə baxaraq müəyyən qayadaları gözləməklə düzəlişlər etmək qalır. Bu qaydalar səs yazısından və şirkətdən asılı olaraq dəyişə bilər. Transkripsiya qaydaları transkripti hər kəs üçün əlçatan edir. Əgər transkripsiyanı özünüz üçün edirsinzisə, hər hansı bir xüsusi qayda gözləməyə ehtiyac yoxdur, lakin bu qaydalara riayət etmək onu daha strukturlu edir, transkripti oxumaq və analiz etmək asanlaşır.
Bir şirkətin transkripsiya qaydaları digəri ilə təzad təşkil edə bilər.
Aşağıda transkriptin daha strukturlu və düzgün olması üçün gözlənilməsi lazım olan bəzi qaydalar verilmişdir.
Transkripsiya dəqiqliyi və strukturu
Səs yazısnda eşitdiyiniz sözləri yazın. İlk dəfə, eşitdiyiniz bəzi sözləri başa düşməyə bilərsiniz. Bu zaman həmin hissəyə yenidən qulaq asmaq lazımdır. Başqa bir üsul isə həmin sözləri “eşidilmir” deyə işarələməkdir. Bu sözlər sonradan sifarişçi ilə müzakirə edilir.
Heç bir sözü qəsdən buraxmayın. Hər bir söz müəyyən kontekstdə, xüsusilə də ciddi bir sahədə vacib ola bilər. Həmin sözlərin mövzudan kənar olduğunu düşünsəniz belə onları yazmaq vacibdir.
Səs yazısında olmayan sözlər əlavə etməyin. Cümlələri parafraz etməyin.
Orfoqrafik qaydaların gözlənməsi vacibdir.
Danışan şəxsin qrammatik səhvləri varsa, həmin səhvlər əksər hallarda olduğu kimi saxlanılmalıdır. Təbii ki, bu hər bir şirkətin qaydalarından asılıdır. Əgər transkript özünüzündürsə və həmin transkripti hər hansı bir formatda çap etmək istəyirsinizsə, qrammatik səhvlərin düzəldilməsi arzuolunandır. Sizin hətta professional redaktora ehtiyacınız ola bilər.
Transkripti paraqraflara bölmək onun oxunmasını asanlaşdırır. Paraqraflar səs yazısında olan ideyalar və ya danışanlara görə ayrıla bilər. Hər bir paraqrafın 4-5 sətir olması arzuolunandır.
Bütün yeni cümlələr böyük hərflə başlamalıdır. Durğu işarələrinə xüsusi diqqət yetirmək lazımdır.
Hər bir danışan şəxs müəyyən formada adlandırılmalıdır. Əgər onların adları məlum deyilsə, onları danışan 1, iştirakçı 2 və s. kimi işarələmək olar. Əgər səs yazısının hər hansı bir hissəsindən onların adı məlum olarsa, geri qayıdıb adlarını əlavə edə bilərsiniz. “Axtar və dəyişdir” funksiyası ilə onları bir kliklə dəyişə bilərsiniz.
Film, televiziya şousu, kitab, jurnal adları kursivlə yazılmalıdır.
Ağlamaq, gülmək, fasilə vermək və s. kimi qeyri-danışıq rabitələri də qeyd edilməlidir. Bunlar [ağlamaq], [gülmək], [fasilə] kimi qeyd edilir.
Əgər danışan şəxs sitat gətirirsə, həmin sitat dırnaq işarələri içində yazılmalıdır.
Transkriptin redaktə və korrektəsi ən son və vacib amillərdən biridir. Siz bunu ya özünüz edə, ya da professional redaktor və korrektorun köməyindən yararlana bilərsiniz.
Yuxarıda qeyd edildiyi kimi, transkripsiya qaydaları müxtəlif amillərdən asılı olaraq dəyişir. Əsasən, iki forması mövcuddur.
- Tam transkripsiya
- Təmiz transkripsiya
Tam transkripsiya
Bu zaman eşitdiyiniz bütün detallar - səhvlər, düzəlişlər və s. yazılmalıdır.
Tam transkripsiya zamanı nələr qeyd edilməlidir?
Yanlış başlanğıclar – Danışan şəxs fikrini müəyyən cümləylə başlamaq istəyir, lakin onu digər bir oxşar cümləylə əvəz edir. Məsələn: “Istərdim ki...mövzumuz iqlim dəyişikliyi və onun təsirləridir.”
Nitq səhvləri – Danışan şəxs səhv edir və həmin səhvi düzəldir. “Mən Cümə...üzr istəyirəm...Şənbə günü görüşdə idim.”
Jarqon sözlər – Bu sözlər adətən yazıda deyil, gündəlik danışıqda istifadə edilir.
Təkrarlamalar – Danışıq zamanı təbii olaraq təkrarladığımız sözlər və birləşmələr. “Mən...mən istərdim ki...”
Kəkələmələr – “Mən ke-keçən ay gə-gəlmişəm.”
Təmiz transkripsiya
Transkripsiya zamanı yanlış başlanğıclar, təkrarlamalar, kəkələmələr, jarqon sözlər və s. müəyyən istisnalar olmaqla ixtisar edilir. Məsələn, bəzi təkrarlanan sözlər qüvvətləndirici mənasında işləndiyi üçün onların saxlanması vacibdir. “Bu çox, çox gözəl ideyadır.”
Əgər dialoq zamanı bir şəxs sullar verir və digər şəxs onun bütün suallarını “bəli” deyə cavablandırırsa, birinci şəxsin bütün suallarını bir paraqrafda birləşdirib ona cavab olaraq bir “bəli” yazmaq kifayət edə bilər.